DÜNYA
Yerüstü radarlardakı problemlər Norveçin cənubunda uçuşların dayandırılmasına səbəb olub
Stokholm, 5 iyul, AZƏRTAC
Yerüstü dispetçer xidmətlərinin radarlarındakı problemlər Norveçin cənub hissəsində uçuşların dayandırılmasına səbəb olub.
Bu barədə Norveç KİV-ləri krallığın bütün 46 aeroportunu idarə edən “Avinur” dövlət şirkətinin nümayəndəsinə istinadla məlumat yayıblar.
Yaranan problem dispetçerləri “Oslo Qardermuen” beynəlxalq aeroportu, habelə “Stavanqer” hava limanı daxil olmaqla bir neçə aeroportda uçuşları dayandırmağa məcbur edib.
“Avinur” şirkətinin nümayəndələri jurnalistlərə müsahibəsində bildiriblər ki, problemlə əlaqədar aeroportlar regionda ehtiyat sistemindən istifadə etməklə yalnız enişi qəbul edə bilərlər, lakin uçuşu idarə edə bilməzlər. İki saat ərzində problem həll edilib və uçuşlar bərpa olunub.
Xatırladaq ki, yerüstü radardakı səhvlər keçən ay da analoji vəziyyətə səbəb olmuş, nəticədə krallığın Bergen, Stavanger və digər şəhərlərinin aeroportlarından uçuşlar dayandırılmışdı.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm