REGİONLAR


Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib

Naxçıvan, 5 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2022-ci ilin ilk 6 ayı ərzində gördüyü işlər ilə bağlı iclası keçirilib.

Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iclasda komissiya üzvləri, ekspert qrupunun, rayon (şəhər) icra hakimiyyətləri yanında Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyaların rəhbərləri iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, muxtar respublikada yaşayan uşaqlar hər il olduğu kimi, hesabat dövrü ərzində də dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Onların qanunla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi və mənafelərinin müdafiəsi ötən dövr ərzində diqqət mərkəzində saxlanılıb və bir sıra tədbirlər, monitorinqlər keçirilib. Cari ilin 6 ayı ərzində komissiya uşaqların hüquqlarının və qanuni mənafelərinin qorunması, davranışlarına nəzarət edilməsi, qanunazidd əməllərinin qarşısının alınması istiqamətində bir sıra tədbirlər görüb, monitorinqlər keçirilib. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğun olaraq 2021-ci il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən komissiyaya təqdim olunmuş hesabat müzakirəyə çıxarılıb, təhlil olunub, yekun rəy qəbul edilib və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim olunub. Bununla yanaşı, hesabat dövründə uşaq hüquqlarının qorunması ilə bağlı uşaq müəssisələrində monitorinqlərin keçirilməsi üçün ekspert qrupunun tərkibi cari il ərzində dövrü monitorinqlər keçiriləcək uşaq müəssisələrinin siyahısı təsdiq edilib.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 7 tam orta məktəb, 3 məktəbəqədər, 1 uşaq xəstəxanası, 1 idman müəssisəsi olmaqla, ümumilikdə, 12 uşaq müəssisəsində monitorinq keçirilib. Monitorinqlərdə müəssisələrin və uşaqların sanitar-gigiyenik vəziyyətləri, təlim-tədrisləri, müəssisənin infrastrukturu, müəssisə heyətinin dövri-tibb və laborator müayinələrdən keçirilməsi və bu kimi digər sahələr yoxlanılıb.

Vurğulanıb ki, muxtar respublikada uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, dünyagörüşünün artırılması, intellektual səviyyələrinin yüksəldilməsi diqqətdə saxlanılıb, uşaq və yeniyetmələrin tərbiyə işinin təkmilləşdirilməsi, maarifləndirmə işinin aparılması, əlamətdar günlərdə onlara baş çəkilməsi məqsədilə hesabat dövrü ərzində müvafiq komissiyalar tərəfindən, ümumilikdə, 455 tədbir keçirilib. Bununla belə cari ilin ötən dövrü ərzində də digər kateqoriyadan olan uşaqlarla yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar da dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Onların hüquq və mənafelərinin müdafiə olunması, cəmiyyətə inteqrasiyası, sosial reabilitasiyası, uşaq müəssisələrinə cəlbi, asudə vaxtlarının səmərəli təşkili diqqətdə saxlanılıb, əlamətdar təqvim günlərində onlarla görüşlər keçirilib, hədiyyələr, bayram sovqatları verilib, ehtiyaclarına uyğun olan köməklik göstərilib. Həmçinin tədrisə cəlb edilmiş 191 sağlamlıq imkanları məhdud uşağın təhsil aldığı 46 müəssisədə, 20 sağlamlıq imkanları məhdud uşağın evində monitorinq keçirilib. Uşaqların valideynləri ilə geniş maarifləndirici söhbətlər aparılıb və potensiallarına uyğun olaraq 3 uşaq məktəbəqədər təhsil müəssisəsinə, 1 uşaq tam orta məktəbə cəlb edilib.

Qeyd olunub ki, muxtar respublikada uşaq və yeniyetmələrin sağlamlığının qorunması, onlar arasında yayılan xəstəliklərin qarşısının alınması məqsədilə tibbi xidmətin keyfiyyəti artırılıb və bir sıra profilaktik tədbirlər həyata keçirilib. Belə ki, hesabat dövrü ərzində muxtar respublikanın şəhər və rayonlarında 13 mindən çox uşaq müayinə olunub, 8000-dən çox uşağa isə profilaktik peyvənd vurulub.

Rayon (şəhər) Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə və Himayə və Qəyyumluq komissiyalarının hesabat dövrü ərzində gördüyü işlər haqqında da ətraflı məlumat verən Ramilə Seyidova bildirib ki, Naxçıvan Muxtar Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində yaradılmış elektron məlumat bankına istifadəçilər tərəfindən hesabat dövrü ərzində 1361 uşaq haqqında məlumat daxil edilib, valideyn himayəsindən məhrum 12 uşaq haqqında məlumatlar komitədə yaradılmış bazaya əlavə olunub.

Sonda məruzə ətrafinda çıxışlar dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.