CƏMİYYƏT
Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilər və tütün məmulatları satan şəxslər məsuliyyətə cəlb edilib VİDEO
Bakı, 6 dekabr, AZƏRTAC
Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 5-də Baş İctimai Təhlükəsizlik və Nəsimi Rayon Polis İdarələrinin əməkdaşları rayonda növbəti belə tədbir keçiriblər. Bu zaman Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin yaxınlığındakı mağazanın sahibi paytaxt sakini Anar Kazımlının yetkinlik yaşına çatmayan 11-ci sinif şagirdinə tütün məmulatı satması müəyyənləşdirilib.
Fakt təsdiqini tapandan sonra həmin mağazanın sahibi barədə İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib edilib və o, qanunvericiliyin tələblərinə uyğun olaraq cərimələnib.
Son günlər Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Bakıda keçirilən belə tədbirlər zamanı yetkinlik yaşına çatmayan şəxslərə spirtli içki və tütün məmulatları satan 20-yə yaxın obyekt sahibi inzibati qaydada məsuliyyətə cəlb olunub.
DİN alkoqollu içkilər və tütün məmulatlarının satışı ilə məşğul olan şəxslərə xəbərdarlıq edərək bildirir ki, azyaşlılar və yetkinlik yaşına çatmayan şəxslərə həmin məhsulların satışı qanunla qadağandır. Paytaxt, eləcə də regionlarda bu qanunsuz hərəkətlərə yol verən şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütəmadi reydlər və qətiyyətli tədbirlər bundan sonra da davam etdiriləcək.