CƏMİYYƏT
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib
Bakı, 26 dekabr, AZƏRTAC
Polis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 25-də nazirliyin Baş ictimai təhlükəsizlik, Xətai və Səbail Rayon Polis idarələrinin əməkdaşları bu istiqamətdə birgə tədbirlər keçiriblər. Reydlər nəticəsində Xətai rayonu ərazisində 2, Səbail rayonu ərazisində isə 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkarlanıb.
Polis əməkdaşları tərəfindən həmin mağazaların 5 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub. Onların hər biri 100 manat məbləğində cərimələnib.
Bu istiqamətdə reydlər davam etdirilir.