CƏMİYYƏT
Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər cərimələniblər VİDEO
Bakı, 26 dekabr, AZƏRTAC
Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən tədbirlər davam etdirilir. Bu istiqamətdə dekabrın 26-da Baş İctimai Təhlükəsizlik İdarəsinin və Səbail Rayon Polis İdarəsinin əməkdaşları rayonda növbəti reyd keçiriblər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reyd zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk aşkarlanıb. Nigar Rəfibəyli küçəsi 25 ünvanında fəaliyyət göstərən obyektin sahibi, paytaxt sakini Elşən Qurbanəliyevin məktəbliyə tütün məmulatı satması müəyyənləşdirilib.
Səbail rayonunun Nizami küçəsi 96 ünvanında yerləşən köşkün satıcısı Murad Göyüşovun da yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması polislər tərəfindən aşkarlanıb. Hər iki fakt təsdiqini tapandan sonra həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub. Onlar qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə ediliblər.
Alkoqollu içkiləri və tütün məmulatlarını alan şəxsin azyaşlı olması barədə şübhə yarandıqda satış dayandırılmalı və müştəridən şəxsiyyəti təsdiq edən sənəd tələb olunmalıdır. Bu sənədi təqdim etmədikdə həmin şəxsə tütün məmulatı və spirtli içki satılmamalıdır.
DİN spirtli içki və tütün məmulatlarının satışı ilə məşğul olan şəxslərə bir daha xəbərdarlıq edərək bildirir ki, azyaşlılara və yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışı qanunla qadağan olunub. Paytaxtda, eləcə də regionlarda bu qanunsuz hərəkətlərə yol verən şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütəmadi reydlər və qətiyyətli tədbirlər bundan sonra da davam etdiriləcək.