CƏMİYYƏT
Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının qarşısı alınıb
Bakı, 1 dekabr, AZƏRTAC
Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən mütəmadi tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 30-da nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin, Suraxanı və Sabunçu Rayon Polis idarələrinin əməkdaşları bu istiqamətdə reydlər ediblər.
Reydlər nəticəsində Suraxanı rayonunda dörd, Sabunçu rayonunda isə iki mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkarlanıb. Həmin mağazalarda altı satıcı barədə İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokollar tərtib edilib və onlar müvafiq qaydada cərimə olunublar.
Bu istiqamətdə tədbirlər davam etdirilir.