REGİONLAR
Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikası ilə bağlı müzakirələr aparılıb
Masallı, 15 dekabr, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Mədəniyyət Mərkəzində Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən maarifləndirmə tədbirində yetkinlik yaşına çatmayanların hüquq pozuntularının profilaktikası ilə bağlı müzakirələr aparılıb.
Tədbirdə rayon icra hakimiyyətinin, polis və təhsil şöbəsinin məsul işçiləri, müəllimlər, məktəblilər, narkoloq və psixoloqlar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova rayonda yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.
Sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Əkbər Əkbərovun müzakirə edilən məsələ ilə bağlı məruzəsi dinlənilib.
Əkbər Əkbərov çıxışında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi, təhsildən yayınmaların və radikalyönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində daxili işlər orqanlarının həyata keçirdiyi tədbirlərdən, internetdən təhlükəsiz istifadə qaydalarından danışıb.
O, həmçinin törədilən hüquqpozmaların fəsadları barədə məlumat verib, tolerantlığın Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olduğunu diqqətə çatdırıb.
Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vafiq Xəlilov, narkoloq-həkim Rasim Əzizov, rayon qeydiyyat şöbəsinin müdiri İlqar Məhərrəmov, “Tərəqqi” medallı pedaqoq Abusət Hüseynov, Qızılavar kənd tam orta məktəbin direktoru Lətifə Əkbərzadə və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Çıxışlarda narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyi qeyd olunaraq, bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.