SİYASƏT


Yevgeni Mixaylov: Moskva Ermənistanı öz öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün preventiv tədbirlər görəcək

Moskva, 17 noyabr, AZƏRTAC

Mənim fikrimcə, son günlərdə Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi məhz Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatçı hərəkətlərlə bağlıdır.

Rusiyalı jurnalist, politoloq, millətlərarası münasibətlər üzrə mütəxəssis Yevgeni Mixaylov AZƏRTAC-a müsahibəsində bu barədə danışıb.

Ekspert deyib: “Hazırda baş verən bütün hadisələr 2020-ci ildə imzalanmış razılaşmaların icrasını ləngitmək və ya onları ümumiyyətlə icra etməmək cəhdidir. O vaxt sülhyaratma prosesinin qarantı kimi çıxış edən Moskva olub. Ermənistan sərhədlərin demarkasiya və delimitasiya edilməsini istəmir. Mənim fikrimcə, Moskva özünün yüz illik müttəfiqini öz öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün lap yaxın vaxtlarda preventiv tədbirlər görəcək. Ona görə ki, baş verən bütün hadisələr ilk növbədə təkcə Azərbaycanın yox, həm də Rusiya Federasiyasının özünün milli mənafelərinə ziddir”.

Y.Mixaylov bir məqama diqqəti cəlb edib ki, məhz Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Azərbaycan və Ermənistan müdafiə nazirləri ilə danışıqlarından sonra atəşlər dayandırılıb, müvəqqəti barışıq başlanıb.

Jurnalist deyib: “Fikrimcə, müdafiə naziri Sergey Şoyqu Ermənistan tərəfi ilə telefonla dialoqunda kifayət qədər kəskin danışıb. Mən tam əminəm ki, Rusiya bu münaqişədə neytral mövqe tutur, lakin Yerevandan razılaşmaların icrasını tələb edir. Əgər Yerevan Nikol Paşinyanın imzaladığı öhdəlikləri yerinə yetirsə, regionda sülh olacaq. Sərhədlərin demarkasiya və delimitasiyası aparılmalıdır”.

Y.Mixaylovun fikrincə, Yerevan Qərb ölkələrini bu məsələyə cəlb etmək cəhdlərindən əl çəkmir və bu da baş verən hadisələrin ümumi kontekstinə təsir edir. Ekspert deyib: “Provokasiyalar həm də onunla bağlıdır ki, Yerevan Rusiya tərəfin öz vəzifələrinin öhdəsindən gələ bilmədiyini göstərmək istəyir və deyir ki, gəlin həmsədr ölkələr olan Fransanın və ABŞ-ın qoşunlarını gətirək”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.