REGİONLAR
Yevlax Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib
Yevlax, 3 mart, AZƏRTAC
Yevlax rayonunun sosial-iqtisadi inkişafında qazanılmış uğurlarda ağsaqqalların da əməyi var. Onlar rayonun ictimai-siyasi həyatında fəal iştirak etməklə, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfələrini verirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Yevlax rayon Ağsaqqallar Şurasının konfransında səsləndirilib. Karantin rejimi qaydalarına uyğun olaraq keçirilən tədbirdə ötən bir ildə şuranın gördüyü işlər barədə məlumat verilib, qarşıda duran vəzifələrdən danışılıb.
Məruzə və çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən çoxşaxəli işlərdın bəhs edilib, respublikamızın daha sürətli inkişafında ağsaqqalların da üzərinə müəyyən vəzifələrin düşdüyü vurğulanıb.
Respublika Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzov çıxış edərək, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Konfransda təşkilati məsələlərə baxılıb, Şura üzvləri və İdarə Heyəti formalaşdırılıb. Minnət Mürsəlov rayon ağsaqqallar şurasının yeni sədri seçilib.