REGİONLAR
Yevlax Rayon Məşğulluq Mərkəzi tərəfindən 2018-ci ildə 597 nəfər işlə təmin edilib
Yevlax, 3 yanvar, AZƏRTAC
Yevlax rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2018-ci ildə mərkəzə müraciət edən 1065 nəfər iş axtaran vətəndaşdan 597-si, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 5 nəfər kvota üzrə ayrılmış iş yerləri ilə təmin edilib. Bu dövrdə 20 nəfər haqqı ödənilən ictimai işlərə, 20 nəfər peşə hazırlığı kursuna cəlb edilib. Səkkiz nəfərə işsizlik statusu verilərək müavinət təyin olunub. Oktyabr ayında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə keçirilən “Əmək yarmarkası”nda 72 vətəndaşa göndəriş verilib, onlardan 68 nəfər işə düzəlib.
Yevlax rayonunda Prezident İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası olaraq, özünüməşğulluq proqramı çərçivəsində rayonda işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə (mal və materiallarla) təminatı işləri də uğurla həyata keçirilir. Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 53 nəfər işsiz və işaxtaran şəxsə aktivlər verilib. Vətəndaşlar verilmiş aktivlər hesabına kənd təsərrüfatı üzrə öz ailə təsərrüfatlarını formalaşdırıblar.