REGİONLAR
Yevlax: ixtisaslaşdırılmış kurslarda bələdiyyə seçkilərinə hazırlıq, seçki prosesi ilə bağlı məruzələr dinlənilib
Yevlax, 16 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrlərinin maarifləndirilməsi məqsədilə keçirdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 48 saylı Yevlax seçki dairəsi dairə seçki komissiyasında keçirilən ixtisaslaşdırılmış kursların ikinci günündə 31 məntəqə seçki komissiyasının sədri, dairə seçki komissiyasının 8 üzvü, habelə məcburi köçkün rayonların seçki məntəqələrinin sədrləri iştirak ediblər.
Kursda MSK-nın nümayəndələri Baxşeyiş Əsgərov, Mircavad Mustafazadə məruzə ilə çıxış edərək, seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrindən bəhs edib, seçki prosesinin bütün mərhələlərinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün məntəqə seçki komissiyalarının sədrlərinə tövsiyələrini bildiriblər.
Sonra rayon prokuroru Elxan Pənahovun "Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri" mövzusunda məruzəsi dinlənilib.
Dairə Seçki Komissiyasının sədri Yaşar Abbasov çıxışında bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili barədə ətraflı danışıb.
Sonda fikir mübadiləsi aparılıb, dairə seçki komissiyaları üzvlərini və məntəqə seçki komissiyaları sədrlərini maraqlandıran məsələlərə aydınlıq gətirilib.