REGİONLAR
Yevlax kəndlərində elektrik təsərrüfatı yenidən qurulur
Yevlax, 12 fevral, AZƏRTAC
Yevlax rayonunda istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Yevlax Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 2017-ci ildə rayonun Qaraməmmədli, Salahlı, Balçılı, Nərimanabad və Varvara kəndlərində 394 ədəd köhnə dayaq yeni dəmir-beton dayaqlarla əvəz edilib. Salahlı və Balçılı kəndlərində 5 ədəd komplekt transformator məntəqələri quraşdırılıb.
Rayonun Havarlı, Hacıselli, Marzılı, Bəydili, Gülövşə, Əkşəm, Aşağı Salamabad, Yuxarı Salamabad, Aşağı Bucaq, Yenicə, Əcəmi kəndlərində elektrik təsərrüfatının yenidən qurulması işləri aparılır. Həmin kəndlərdə 0,4 kVa-luq elektrik verilişi hava xətlərinin 3225 ədəd dayaqları metal dayaqlarla, 79,6 kilometr elektrik naqili “SİP” kabellərlə əvəz edilib. 43 ədəd kompleks transformator məntəqəsi quraşdırılıb. Bu kəndlərə Mingəçevir yarımstansiyasından elektrik enerjisi ötürən 6 kVa-luq 14 və 54 nömrəli fiderlərin 1081 ədəd elektrik dayaqları dəyişdirilib, 28,8 kilometr naqil yenisi ilə əvəz edilib.
Artıq Havarlı, Hacıselli, Marzılı, Bəydilli, Əkşəm kəndlərində işlər başa çatdırılıb. Digər kəndlərdə elektrik təsərrüfatının yenidən qurulması işləri davam etdirilir.