REGİONLAR


Yevlax məktəbliləri ölkəmizin cənub bölgəsi ilə yaxından tanış olacaqlar

Yevlax, 15 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Yevlax rayonunun məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarının görməli yerləri, təbiəti, tarixi abidələri və müasir inkişafı ilə tanış olacaqlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiyada iştirak edən məktəblilər və valideynlərlə keçirilən görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Məmmədova, təhsil şöbəsinin müdiri Zərifə Məmmədova, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədr müavini Əli Quliyev şagirdlərə turun məqsədi barədə məlumat veriblər. Bildirilib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Diqqətə çatdırılıb ki, ölkəmizin cənub bölgəsi sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçilir. Lənkəran, Masallı və Astara rayonları ilə tanışlıq şagirdlərdə yüksək təəssüratlar yaradacaq, dünya görüşlərinin formalaşmasında mühüm rol oynayacaq. Yevlax rayonunun məktəbliləri 4 gün ərzində Lənkəranda Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Gənclər Mərkəzi, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları və sitrus meyvə bağları ilə tanış olacaq, Astara rayonunda Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, Bulvara, çay fabrikinə və “Yanar Bulağ”a, Masallı rayonunda isə Heydər Əliyev Mərkəzinə, Tarix-diyarşünaslıq muzeyinə, Heydər Əliyev parkına, Uşaq İncəsənət məktəbinə, Bayraq Meydanı və Dövlət Rəmzləri muzeyinə, Olimpiya İdman Kompleksinə, “ASAN Həyat” kompleksinə və Viləşçay su anbarına ekskursiya edəcəklər.

Rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri və valideynlər məktəblilərə səfərlərinin xoş və mənalı keçməsi üçün tövsiyələr veriblər. Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstü önünə tər çiçəklər düzüb, dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən fotolarla, tarixi sənədlərlə tanış olublar.

Şagirdlər onlar üçün ayrılmış avtobusla cənub bölgəsinə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.