REGİONLAR


Yevlax pambıqçılarının hədəfi məhsuldarlığı 38 sentnerə çatdırmaqdır

Yevlax, 10 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Pambıqçılıq Yevlax rayonunda kənd təsərrüfatının ənənəvi sahələrindəndir. Bu sahə xüsusilə ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi ötən əsrin 70–80-ci illərində daha çox inkişaf edib. Yevlax pambıqtəmizləmə zavodunda 1970-ci, 1978-ci və 1982-ci illərdə yenidənqurma işləri aparılıb, yeni avadanlıqlar quraşdırılıb, sexlər istifadəyə verilib. 1980-ci ildə zavod ən yüksək göstərici əldə edərək, 35 min 311 ton pambıq mahlıcı istehsal edib. Lakin 1990-cı illərdən başlayaraq pambıqçılığa olan maraq azalıb. Dövlət başçısının tapşırıq və göstərişləri nəticəsində son illərdə respublikamızın digər pambıqçılıq rayonlarında olduğu kimi, Yevlaxda da bu sahə yenidən inkişaf dövrünə qədəm qoyub. Rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi və dövlət qayğısı pambıq istehsalını artırmaq üçün stimul yaradır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pambıqçılıq sahəsində əvvəlki şöhrəti qaytarmağı qarşıya məqsəd qoyan Yevlax zəhmətkeşləri bu il 2327,6 hektar sahədə səpin aparıblar. 1677,6 hektarı “MKT İstehsalat Kommersiya” MMC və 650 hektarı “P-Aqro” MMC ilə olmaqla 255 fermer ilə müqavilə bağlanıb. Sahələrin hamısında normal bitiş alınıb. Hazırda əkin sahələrində kultivasiya, xəstəlik və zərərvericilərə qarşı dərmanlama işləri aparılır. Respublikamızın bütün bölgələrində olduğu kimi, Yevlax rayonunda da suvarma suyu qıtlığının olmasına baxmayaraq, şəhər icra hakimiyyəti və Suvarma Sistemləri İdarəsinin mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində pambıq sahələri suvarma suyu ilə təmin olunub.

Keçən mövsüm ilində Yevlax rayonunda 8148,8 ton pambıq istehsal edilib, orta məhsuldarlıq 34,9 sentner təşkil edib. 2019-cu il ilə müqayisədə pambıq istehsalı 1801 ton, hər hektardan məhsuldarlıq isə 8,5 sentner artıq olub. Yevlaxlı pambıqçılar bu il hektarın orta məhsuldarlığını 38 sentnerə çatdırmağı qarşıya məqsəd qoyublar.

Rayonun ən qabaqcıl pambıqçıları olan Adil Mehdiyev 21 hektar, Rövşən Bostanov 20 hektar, Orxan Qurbanov 15,3 hektar, Oktay Əşrəfov 17 hektar sahədə pambıq bitkisi əkiblər. Bu fermerlərin tarlalarından cari mövsümdə hər hektardan orta hesabla 42 sentnerdən yuxarı məhsul istehsal edilməsi proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.