CƏMİYYƏT


Yevlax şəhərində şəhid mayor Toğrul Bərxudarovun doğum günündə xatirəsi anılıb VİDEO

Bakı, 1 iyul, AZƏRTAC

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun şəhid zabiti Toğrul Məmməd oğlu Bərxudarovun anadan olmasının 35-ci ildönümü münasibətilə Yevlax şəhərində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin ailə üzvləri, xidmət etdiyi hərbi hissənin və şəhər ictimaiyyətinin nümayəndələri əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək məzarlar üzərinə qərənfillər düzüb, igid zabitin məzarı qarşısına Müdafiə Nazirliyinin, xidmət etdiyi hərbi hissənin və təhsil aldığı Yuxarı Qarxun kənd tam orta məktəbinin kollektivi adından çələng və əklillər qoyulub.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani iştirakçısı olduğu Vətən müharibəsində Azərbaycan oğullarının göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıb.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluqçularla görüşdə çıxışı zamanı dediyi “Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq” fikirlər bir daha ziyarətçilərin nəzərinə çatdırılıb.

Qeyd edilib ki, xalqımızın birliyi, həmrəyliyi, dövlətimizin iqtisadi gücü, rəşadətli Azərbaycan Ordusunun Zəfər yürüşü və Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti, qətiyyəti, hücum diplomatiyası və dəmir yumruğunun gücü sayəsində düşmən üzərində Qələbə çalaraq onu kapitulyasiya aktını imzalamağa məcbur etdik. Xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyuldu. Şəhidlərimizin müqəddəs ruhları da bu gün şaddır.

Polkovnik A.Qurbani vurğulayıb ki, Vətən müharibəsinin döyüş meydanlarında şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan qəhrəman övladlarımızdan biri də bu gün xatirəsini ehtiramla yad etdiyimiz mayor Toğrul Bərxudarovdur. O, 35 il əvvəl Gəncə şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit İxtisas Kursu”nu müvəffəqiyyətlə başa vurub. Motoatıcı bölüyün atəş dəstəyi taqımının komandiri vəzifəsindən motoatıcı taborun qərargah rəisi – tabor komandirinin müavini vəzifəsinə, “mayor” hərbi rütbəsinədək yüksəlib. Vətən müharibəsinin ilk günündən taborun şəxsi heyəti ilə birlikdə Tərtər və Ağdərə uğrunda döyüşlərdə iştirak edib. Şəxsi igidlik və şücaət nümunələri göstərib. İgid zabitimiz 2020-ci il sentyabrın 28-də Talış və Suqovuşan kəndləri istiqamətlərində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Diqqətə çatdırılıb ki, sağlığında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” medalları ilə təltif olunan zabit ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülüb.

Yevlax Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş üzrə şöbəsinin müdiri Xaliq Əliyev çıxış edərək deyib: “Müharibənin ilk günündən bütün xalqımız kimi yevlaxlılar da bir nəfər kimi Vətənin çağırışına səs verərək həm arxa, həm də ön cəbhədə qələbə naminə səylərini əsirgəmədilər. Döyüşən gənclərimiz bütün cəbhə bölgələrində xidməti vəzifələrinin öhdəsindən layiqincə gələrək düşmənin darmadağın edilməsində əsl qəhrəmanlıq nümunələri göstərdilər. Onlardan 65 nəfəri şəhidlik zirvəsinə ucaldı. Bu gün də yevlaxlılar Silahlı Qüvvələrin qoşun növlərində Vətənə sədaqətlə xidmət edirlər. Şəhid mayor Toğrul Bərxudarov kimi igidlərimizin nümunəsində gənclərin vətənpərvərlik tərbiyəsi işi gündən-günə daha geniş vüsət alır. Bu gün də hər bir rayon sakini Müzəffər Ali Baş Komandanın əmrlərinə hazırdır”.

Şəhid zabitin döyüş yoldaşları Toğrul Bərxudarov haqqında xatirələrini bölüşüb, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib. Bir neçə gündən sonra müddətli həqiqi hərbi xidmətə yola düşəcək gənclər adından Rauf Məmmədli Vətən müharibəsi şəhidlərinin məzarları önündə and içib ki, onların qəhrəmanlıq ənənələrini uğurla davam etdirəcək, ordumuzun şanlı döyüş tarixinə yeni-yeni səhifələr yazacaqlar.

Şəhid T.Bərxudarovun anası Güllü xanım, qardaşı Bəxtiyar, həyat yoldaşı Zəhra Bərxudarova göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başa çatıb.

Şəhidlər xiyabanında başlanan şəhid mayor Toğrul Bərxudarovun anadan olmasının 35-ci ildönümü ilə bağlı tədbir ata ocağında və xidmət etdiyi hərbi hissədə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.