REGİONLAR


Yevlax şəhərində tikinti-quruculuq işləri davam etdirilir VİDEO

Yevlax, 18 sentyabr, AZƏRTAC

Yevlax şəhərində tikinti və abadlıq işləri davam etdirilir, park və küçələr, çoxmənzilli yaşayış binaları əsaslı təmir olunur, infrastruktur layihələri həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Yevlax şəhərinin Kamil Sabitov küçəsində əsaslı təmir və yenidənqurma işləri davam etdirilir. Küçənin 950 metr hissəsində işlər başa çatdırılıb. Yol kənarlarına 1800 kvadratmetr dəmir beton səki daşları düzülüb, 2,5 metr enində səkilər çəkilib, 6 min kvadratmetr yaşıllıq sahəsi salınıb.

Şəhərin Heydər Əliyev və Nizami prospektlərində, Ceyhun Mustafayev, Qanboy Quliyev, Zərdabi, Yeni Yevlax, Pişəvəri, Səməd Vurğun, Füzuli küçələrinin, dəmir yolu və Səmədabad kənd bayraq meydanlarının, Yevlax şəhərinin daxilindən keçən Bakı-Ələt-Gürcüstan sərhədi avtomobil yolunun işıqlandırılması işləri aparılıb. Ərazidə 100 kV-lıq yeni transformator məntəqəsi quraşdırılıb. Prospekt, küçə və meydanlarda 4300 poqonmetr kabel xətti çəkilib, 468 ədəd işıqlandırma dayağı bərpa edilərək lampalar yeniləri ilə əvəzlənib.

Yevlax şəhərin mərkəzində yerləşən Dədə Qorqud parkında da əsaslı təmir və yenidənqurma işləri aparılır. Ümumi sahəsi 15 min kvadratmetr olan park boyunca 3500 poqonmetr səki daşları düzülüb, 3250 kvadratmetr sahəyə tamet daşları döşənib, yaşıllıqların suvarılması üçün yeni suvarma xətləri çəkilib. Parkın yeni salınan hissəsində 0,8 hektar ərazidə bataqlıq qurudulub. Hazırda parkda müasir işıqlandırma sistemi qurulur. Parkın hər iki tərəfində nəqliyyat vasitələri üçün 1 kilometr 900 metr uzunluğunda yol çəkilir.

Parkın yanındakı Qanboy Quliyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının qəzalı vəziyyətdə olan dam örtüyü əsaslı təmir olunaraq yenisi ilə əvəzlənib. Qanboy Quliyev küçəsi 1b və 2b nömrəli beşmərtəbəli yaşayış binalarının zirzəmilərində kanalizasiya xətləri əsaslı təmir olunaraq yenilənib və antisanitariya vəziyyəti aradan qaldırılıb. Həmin küçədəki digər beşmərtəbəli yaşayış binalarının fasadı təmir olunaraq müasir tələblərə uyğun üzlənir.

Hazırda Yevlax şəhərinin Çənlibel adlandırılan ərazisində 1,8 hektar bataqlıq sahəsinin qurudulması işləri aparılır, 105 yerlik 6 nömrəli və 60 yerlik 8 nömrəli uşaq bağçaları əsaslı təmir olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.