CƏMİYYƏT
Yevlax şəhərinin İrəvanlı qəsəbə tam orta məktəbində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Bakı, 8 sentyabr, AZƏRTAC
Yevlax şəhərinin İrəvanlı qəsəbə tam orta məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı Maliyyə Nazirliyindən daxil olmuş materiallar əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Yevlax Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırma ilə həmin məktəbin vəzifəli şəxsi (şəxsləri) tərəfindən 2016-2021-ci illər ərzində bir neçə şəxsin əmək fəaliyyətini həyata keçirmədiyi halda adlarına olan əmək haqqı kartlarına köçürülən ümumilikdə 44 min 434 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsənilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3-cü və 179.2.4-cü (mənimsəmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayətin təfərrüatlarının araşdırılması və təqsirli şəxsin (şəxslərin) məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.