REGİONLAR
Yevlax və Bərdə rayonlarında müharibə əlilləri və şəhid ailələrinə fərdi evlər verilib VİDEO
Bərdə, 6 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 11-i Yevlax, 5-i isə Bərdə rayonunda olmaqla, daha 16 fərdi ev müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Bununla da Azərbaycan Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası olaraq, respublikamızın bölgələrində tikintisi aparılan evlərdən inşası başa çatmış 41 fərdi ev qeyd edilən kateqoriyalardan olan şəxslərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, evlərin təqdim olunması mərasimlərində çıxış edənlər Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində respublikamızda əldə olunan makroiqtisadi sabitlik və inkişaf dinamikasından, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial problemlərinin həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, bu ilin iyun ayında Tərtər rayonunda 54 mənzilli yaşayış binası istifadəyə verilib. Hazırda İmişli, Beyləqan, Şamaxı və Bakı şəhərlərində, ümumilikdə 238 mənzili olan çoxmərtəbəli 4 yaşayış binası inşa edilir. 52 rayonda isə 375 fərdi evin tikintisi işləri aparılıb və onlardan inşası yekunlaşan evlər istifadəyə verilir. Həmçinin hazır binalardan müharibə əlilləri və şəhid ailələri üçün mənzillərin alınması işləri də görülür ki, onlar da təmir edildikdən sonra istifadəyə veriləcək.
Yeni evlərin sahibləri ölkəmizdə hər bir vətəndaşın, o cümlədən imtiyazlı insanların sosial şəraitlərinin yaxşılaşdırılması üçün aparılan uğurlu siyasətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.