REGİONLAR
Yevlaxda 120-dən çox mexanizatorun sürücülük vəsiqəsi dəyişdirilib
Yevlax, 23 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin Yevlaxda təşkil etdiyi səyyar xidmət zamanı Goranboy, Yevlax, Göygöl, Samux, Daşkəsəndən olan 120-dən çox mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz olunub, texnikaların dövlət qeydiyyatına alınması və texniki baxışı həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nəqliyyat vasitələrinin texniki baxışı zamanı tüstüyə operativ nəzarət portativ cihazı, mexaniki nəqliyyat vasitələrinin sükan idarəetməsinin boşluğunun ölçü cihazı, yolda sınama metodu ilə tormoz sisteminin effektivliyinin ölçü cihazı kimi müasir cihazlardan istifadə edilib. Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmadığı və texniki baxışdan keçmədiyi təqdirdə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nə əsasən fiziki şəxslərin 50 manat, vəzifəli şəxslərin 100 manat, hüquqi şəxslərin isə 300 yüz manat məbləğində cərimə edilməsi izah olunub.
Səyyar xidmət bundan sonra da respublikanın bütün rayonlarını əhatə etməklə mütəmadi olaraq texnika mülkiyyətçilərinə yerində qanuna müvafiq xidmətləri davam etdirəcək.
Qeyd edək ki, Baş Dövlət Texniki Nəzarət Xidməti tərəfindən respublikanın 17 regionunda traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahan-qeydiyyat məntəqələri yaradılıb. Vətəndaşlara yerlərdə xidmət göstərməsi məqsədilə Xidmətdə yaradılmış “Səyyar Xidmət” Qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücü vəsiqələrinin qısa müddətdə dəyişdirilməsi, verilməsi, qeydiyyatdan yayınmış texnikaların qeydiyyata alınması, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi proseslərini həyata keçirir.
Qrup tərəfindən indiyədək rayonlarda 6 mindən çox mexanizatorun etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri dəyişdirilib, 105 nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınıb, 250-dən artıq nəqliyyat vasitəsi texniki baxışdan keçirilib, 110 nəfərdən çox vətəndaşdan nəzəri imtahan götürülüb.