REGİONLAR
Yevlaxda 446 nəfərin məşğulluğu təmin edilib
Yevlax, 18 may, AZƏRTAC
Yevlax rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, 2017-ci ilin dörd ayında mərkəzə müraciət edən iş axtaran vətəndaşlardan 446-sı, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 4 nəfər kvota üzrə ayrılmış iş yerləri ilə təmin edilib. Vətəndaşlar əsasən elektrik, qaz və su təchizatı, yaşıllaşdırma müəssisələrində və tikinti sahəsində işlə təmin olunublar. Bu dövrdə 30 nəfərə işsiz statusu verilərək müavinət ödənilib.
Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası olaraq, özünüməşğulluq proqramı çərçivəsində rayonda işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə (mal və materiallarla) təminatı işləri də həyata keçirilir. İlin əvvəlindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 15 nəfər işsiz və işaxtaran şəxsə aktivlər verilib. Vətəndaşlar verilmiş aktivlər hesabına əsasən kənd təsərrüfatı və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdırıblar.