REGİONLAR
Yevlaxda 7 yaşayış məntəqəsini birləşdirən yolun inşası yekunlaşır VİDEO
Bakı, 9 iyul, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq, Yevlax rayonunda hazırda inşası davam etdirilən Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən yeni avtomobil yolunda işlər yekunlaşmaq üzrədir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, 9,7 kilometr uzunluğa malik Qoyunbinəsi-Hacımahmudlu-Nuralılar-Qaramanlı-Nəmərli avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Əraziyə xüsusi qrunt gətirilərək yol genişləndirilib və bu işlər yolun 10 min kvadratmetrdən çox hissəsində aparılıb.
Bundan başqa, 5 min kubmetrdən çox həcmdə yolun deformasiyaya uğramış hissələrinin qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri də görülüb.
Yol yatağı hazır olan hissələrdə qum-çınqıl qarışığından ibarət əsasın alt layının tikintisi işləri də aparılıb. Hazırda optimal-qırmadaş qarışığından istifadə edilərək lazımi qalınlıqda əsasın üst layı inşa edilir. Ümumilikdə sözügedən torpaq işləri 100 min kvadratmetrdən çox ərazini əhatə edib və 40 min kvadratmetrə yaxın sahədə çiyin hissələrin lazımi materialla bərkidilməsi nəzərdə tutulub.
Torpaq işlərinə paralel olaraq layihə çərçivəsində yeni suötürücü boruların inşası işləri də həyata keçirilib. Belə ki, borular istismara yararsız olduğundan yenisi ilə əvəz olunmasına ehtiyac var idi. Bu məqsədlə 144 poqonmetr uzunluğunda 12 ədəd metal borunun və müxtəlif diametrli 36 poqonmetr uzunluğunda 3 ədəd dəmir-beton borunun quraşdırılması, boru başlıqlarının dəmir-betonla inşası işləri aparılıb.
Texnoloji ardıcıllığa uyğun olaraq iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilərək örtüyün alt və üst layı 12 santimetr qalınlıqda asfaltlanır. Bu işlərin əhatə etdiyi ərazi 60 min kvadratmetrə yaxındır.
Tikinti işlərinin sonuncu mərhələsində 5 nöqtədə avtobus dayanacağı, 34 ədəd yol nişanı və göstəricinin, 460 ədəd isə siqnal dirəyi quraşdırılacaq, 29 kilometr uzunluğunda yolun xətlənməsi işləri görüləcək.
Sözügedən ərazidə yeni və müasir yol infrastrukturu yaradılmaqla avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunacaq, 7 yaşayış məntəqəsinin 7 minə yaxın əhalisinin respublika əhəmiyyətli Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 36-cı kilometrinə rahat çıxış əldə etməklə gediş-gəlişi asanlaşacaq.