REGİONLAR
Yevlaxda 8 kilometrlik avtomobil yolu yenidən qurulub VİDEO
Bakı, 23 aprel, AZƏRTAC
Yevlax rayonunda 8 kilometr uzunluğa malik avtomobil yolu yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, regionlarda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində AAYDA tərəfindən həyata keçirilən mühüm tədbirlər çərçivəsində Yevlax rayonu əarzisində Xaldan-Ərəş-Meyvəli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yolu yenidən qurulub. Başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 3-cü kilometrindən götürən Xaldan-Ərəş-Meyvəli kəndlərarası avtomobil yolu uzun illər istismar olunduğundan yolda qabarmalar və çökmələr əmələ gəlmiş, çiyinlər sıradan çıxmışdı. Bu üzdən sözügedən yolun əsaslı şəkildə yenidən qurulması yolboyu yaşayan vətəndaşların ürəyincə olub.
Avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilib. Belə ki, yolun deformasiyaya uğramış hissələrinin qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri istiqamətində addımlar atılıb. Yol yatağı hazır olandan sonra qum-çınqıl qarışığından ibarət əsasın alt və üst layının tikintisi işləri də görülüb. Bunun üçün optimal qum-çınqıl qarışığından istifadə edilib. Ümumilikdə sözügedən torpaq işləri 80 min kvadratmetrdən çox ərazini əhatə edib, 32 min kvadratmetrədək sahədə çiyin hissələrin lazımi materialla bərkidilməsi də aparılıb.
Torpaq işlərinə paralel olaraq layihə çərçivəsində yeni suötürücü boruların inşası işləri həyata keçirilib. Belə ki, borular istismara yararsız olduğundan yenisi ilə əvəz olunmasına ehtiyac var idi. Bu məqsədlə müxtəlif diametrli dəmir-beton borunun quraşdırılması, boru başlıqlarının dəmir-betonla inşası aparılıb. Layihə çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq, iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilərək örtüyün alt və üst layı 12 santimetr qalınlığında asfaltlanıb. Bu işlər 50 min kvadratmetrdək ərazini əhatə edib.
Tikinti işlərinin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, yol nişanı və göstəricilər, siqnal dirəkləri quraşdırılıb, yolun xətlənməsi işləri görülərək ərazi boyu yeni yol infrastrukturu yaradılıb.
Sözügedən ərazidə yeni və müasir yol infrastrukturu yaradılmaqla avtonəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub, 3 yaşayış məntəqəsinin 6 mindən çox əhalisinin Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 3-cü kilometrinə rahat çıxış əldə etməklə gediş-gəlişi asanlaşıb. Yol layihəsinin icrası avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.