REGİONLAR
Yevlaxda Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun iştirakçılarının seçimi aparılıb VİDEO
Yevlax, 8 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin şəhər və rayonlarından Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək nümayəndələrin seçimi məqsədilə bölgələrdə namizəd uşaqlarla görüşlər davam edir. Növbəti seçim mərhələsi sentyabrın 8-də Yevlax şəhərində aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən keçirilən görüşdə 13-17 yaş arasında olan 20 uşaq iştirak edib. Görüş zamanı uşaqların bacarıqlarının üzə çıxarılması üçün onlara suallar ünvanlanıb, intellektual səviyyəsi yüksək olan, xüsusi bacarıqları və intellektual səviyyəsi ilə fərqlənən, fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran, sosial fəallığı ilə seçilən uşaqlarla qarşılıqlı fikir mübadiləsi aparılıb və onların arasından iki nəfər seçilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Sənəm Alxasova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Forumun keçirilməsində məqsəd uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir. Forum öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Uşaq Hüquqları haqqında BMT Konvensiyasını, Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununu, uşaq hüquqlarının müdafiəsinə dair beynəlxalq hüquq və milli qanunvericiliyi əsas götürür.
Görüşdə iştirak edən Röyal Süleymanlı Azərbaycanda uşaqların hər zaman dövlətimiz qayğısı ilə əhatə olunduğunu, uşaq hüquqlarının qorunduğunu deyib. Forumda iştirak etmək hüququ qazanarsa, rayonlarını yüksək səviyyədə təmsil edəcəyini, respublikamızın bölgələrində yaşayan uşaqların hüquqları ilə bağlı bir sıra təkliflər söyləyəcəyini bildirib.
Digər iştirakçı Aysu Məmmədova isə deyib: “Uşaqların V Forumunda iştirak etməsini çox istəyirəm. Forumda iştirak etmək həm mənim şəxsi inkişafım üçün yaxşı olacaq, həm də yeni insanlarla tanış olacağam, özümə dostlar tapacağam. Forumda ölkəmizin bölgələri ilə bağlı təklif və ideyalarımı səsləndirmək istəyirəm”.