REGİONLAR
Yevlaxda Konstitusiya Günü qeyd olunub
Yevlax, 12 noyabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin bərqərar olması üçün zəmin yaradıb, insan hüquq və azadlıqlarının müdafiəsinə etibarlı təminatlar verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Yevlax şəhərində 12 noyabr - Konstitusiya Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev, 5 nömrəli tam orta məktəbin müəllimi Elmar İsmayılov, şəhər icra hakimiyyətinin əməkdaşı Fərid Vaqifli çıxış edərək, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkədə həyata keçirilən siyasi-hüquqi islahatlardan, 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən, Ali Qanunun qəbul olunmasından sonra Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu sahəsində qazanılan uğurlardan danışıblar.
Bildirilib ki, əsas prinsipləri azad və müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablanmış bu ali sənəd ölkədə həyata keçirilən hüquqi demokratik islahatlar üçün möhkəm bir təməl olub. Konstitusiya ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaradıb və onun inkişafına güclü təkan verib. Azərbaycanın əldə etdiyi bugünkü uğurların hüquqi təməlində məhz ümummilli lider Heydər Əliyevin həyat verdiyi müstəqil Azərbaycanın ilk Konstitusiyası dayanır.