REGİONLAR
Yevlaxda Şəhidlər xiyabanı əsaslı təmir edilir VİDEO
Yevlax, 18 iyun, AZƏRTAC
Yevlax şəhərindəki Şəhidlər xiyabanında əsaslı təmir-bərpa işləri həyata keçirilir.
Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Şəhidlər xiyabanında bütün məzarlar eyni layihə əsasında bərpa edilir, ağ mərmərdən sinə daşları qoyulur, ətrafına plitələr, bardürlər düzülür. Xiyabanın işıqlandırılması üçün yeni işıq dirəkləri quraşdırılır, hasarlarda suvaq işləri görülür.
Görülən işlər şəhid ailələrinin razılığı ilə qarşılanır. Şəhid ailələrinin üzvləri İlkin Kərimov və Mehriban Abbasova göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, dövlətimizin bütövlüyü və əmin-amanlığı naminə yumruq kimi birləşdiklərini bildiriblər.
Yevlax rayonunun kəndlərində də şəhidlərin adının əbədiləşdirilməsi məqsədilə abidə və bulaqlar inşa edilir. Artıq rayonun Nemətabad, Salahlı, Aşağı Qarxun kəndlərində “Şəhidlər” abidələrinin açılışları olub. Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən digər kəndlərdə də abidə və bulaqların tikilməsi planlaşdırılıb, bu iş mərhələli şəkildə həyata keçirilir. Bundan əlavə, Birinci Qarabağ və Vətən müharibələri zamanı həlak olmuş qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi üçün Yevlax şəhərində “Xatirə kompleksi”nin ucaldılması nəzərdə tutulub.
Yevlax Şəhər İcra Hakimiyyətinin mətbu orqanı olan “Kür” qəzeti tərəfindən “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı kitab hazırlanmaqdadır və yaxın günlərdə işıq üzü görəcək. Bu da şəhidlərin adının əbədiləşdirilməsinə, gələcək nəsillərə bu günün qəhrəmanlarının tanıdılmasına və tariximizin qorunub saxlanılmasına töhfə olacaq.
Şəhidlərin doğum günləri ilə bağlı məzarları ziyarət edilir, onların ailələrinə baş çəkilir, diqqət və qayğı göstərilir.