CƏMİYYƏT
Yevlaxda "Milli-mənəvi dəyərlərimiz və azərbaycançılıq ideologiyası" mövzusunda müzakirələr aparılıb
Bakı, 19 avqust, AZƏRTAC
Avqustun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi, Yevlax Şəhər Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası (YAP) Rayon Təşkilatının birgə təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərimiz və azərbaycançılıq ideologiyası" mövzusunda tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə çıxış edənlər Azərbaycan dövlətinin gələcəyi olan gənc nəslin Vətənə məhəbbət, xalqa hörmət, soy-kökə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşdığını bildiriblər.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasının və tolerantlıq ənənələrinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi gənclərin diqqətinə çatdırılıb.
Vətən müharibəsində gənclərimizin göstərdiyi igidliklərdən danışan tədbir iştirakçıları bu Qələbənin gənc nəslin tərbiyəsində böyük rol oynadığını bildiriblər.
Sonda gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb.