Yevlaxda aparılan əməliyyat nəticəsində ata və oğul saxlanılıb
AzerTAg.az
Bakı, 22 iyun, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən ata və oğul saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaraoğlan kənd sakinləri Babaş Kərimov və oğlu Səxavət saxlanılıblar.
Onların evinin həyətyanı və pay torpaq sahələrinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilən çətənə bitkiləri aşkar edilib. B.Kərimova məxsus 201 ədəd və oğlu Səxavətə isə məxsus 37 ədəd çətənə bitkisi maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.



Xəbərin mətnində orfoqrafik səhv var