REGİONLAR
Yevlaxda buraxılış imtahanları 6 binada təşkil olunub
Yevlax, 30 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin iyulun 30-da Yevlax rayonunda keçirdiyi buraxılış (qəbul) imtahanları başa çatıb.
Mərkəzin Bərdə regional bölməsinin müdiri Eltun Süleymanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 6 binada keçirilən imtahanlarda 1254 nəfər şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub. İmtahanların təşkil edilməsi üçün 16 imtahan rəhbəri, 126 zal nəzarətçisi, 12 buraxılış rejimini həyata keçirən əməkdaş ayrılıb.
Pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binalarına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.