REGİONLAR
Yevlaxda çiyid səpini başa çatıb
Yevlax, 13 may, AZƏRTAC
Yevlax rayonunda pambıqçılıqla məşğul olan fermerlər çiyid səpinini başa çatdırıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cari mövsümdə rayonda 2406,77 hektarda çiyid səpini həyata keçirilib. Sahələrə əsasən yerli şərait üçün əlverişli sayılan “Gəncə 110”, “Karizma” və “Bəyaz altun” pambıq sortları əkilib. Rayonda fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC və “P-Aqro” MMC ilə müqavilə bağlayan pambıqçılar texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilirlər.
Səpin optimal müddətdə aparıldığı üçün artıq 1900 hektara yaxın sahədə yaxşı bitiş alınıb. Yevlaxlı pambıqçılar hazırda kultivasiya işlərini davam etdirirlər. Ötən il 5296,4 ton məhsul toplayan fermerlər bu il məhsuldarlığı daha da artırmağı qarşıya məqsəd qoyublar.