CƏMİYYƏT


Yevlaxda ərzaq məhsullarının satışı bazarında nöqsanlar aşkarlanıb

Bakı, 18 may, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Yevlax şəhərində Fizuli küçəsində fəaliyyət göstərən hüquqi şəxs “Yevlax-Mərkəzi Bazar” ASC-yə məxsus ərzaq məhsullarının satışı bazarında yoxlama aparılıb.

Yoxlama zamanı bazarın qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadığı, satışa çıxarılan heyvan mənşəli məhsulların (süd və süd məhsulları, yumurta və s.) baytarlıq ekspertizasından keçirilmədiyi, temperatur rejiminə və sanitar-gigiyena qaydalarına əməl olunmadığı, bazar ərazisində antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan quşların kəsiminin, həmçinin mənşəyi məlum olmayan turşuların satışının həyata keçirildiyi, ərzaq satışı mağazalarında mal qonşuluğu prinsipinin pozulduğu müəyyən olunub. Eyni zamanda, qida məhsulları ilə birbaşa təmasda olan şəxslərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi, vaxtaşırı olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı məlum olub.

Laborator müayinələrin aparılması üçün baytarlıq ekspertizasından keçməmiş nehrə yağı adı altında satışa çıxarılan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılmış müayinələr nəticəsində nehrə yağının istehsalı zamanı bitki mənşəli yağlardan istifadə edildiyi aşkar edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.