CƏMİYYƏT
Yevlaxda karantin qaydalarını pozaraq ad günü keçirən şəxslər cərimələniblər
Bakı, 11 avqust, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan olunan xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində tədbirləri mütəmadi qaydada davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinə rayonun Qaraməmmədli kəndindəki kafelərin birində ad günü keçirilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları dərhal həmin ünvana gəlib və orada karantin rejiminin qaydalarının pozulduğu aşkarlanıb. Mərasim dayandırılıb və orada olanlardan 9 nəfər polis şöbəsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilərək cərimələniblər.