Yevlaxda kompleks mülki müdafiə təlimi keçirilib VİDEO
AzerTAg.az
Yevlax, 30 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə 2022-ci il üçün hazırlıq planına müvafiq olaraq Yevlax rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib. Təlimə Yevlax rayonunun Mülki müdafiə rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və texnikası, rayon Fövqəladə Hallar Komissiyası və Mülki müdafiə qərargahı, mülki müdafiə xidmətləri, yüksək hazırlıqlı ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatlar cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kompleks təlim fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin səmərəli şəkildə yerinə yetirilməsinin təmin olunması, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılması məqsədilə keçirilib. Həmçinin təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkilinə, xilasetmə və digər təxirəsalınmaz tədbirlər zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.
Kompleks təlimə ümumilikdə 201 nəfər şəxsi heyət və 58 texnika cəlb edilib. Tədbirin gedişində Fövqəladə Hallar Nazirliyinin cəlb olunan qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.








Xəbərin mətnində orfoqrafik səhv var