REGİONLAR
Yevlaxda narkotik alveri ilə məşğul olan şəxslər saxlanılıb
Yevlax, 22 fevral, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş İsrail Bəkirov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı satış məqsədi ilə əldə etdiyi 1 ədəd sellofan bükülüdə 42 qramdan artıq heroin və 1 ədəd sellofan bükülüdə 10 qrama yaxın psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı İ.Bəkirov narkotik vasitəni tanışı Bəylər adlı şəxsdən 1050 manat pul müqabilində aldığını etiraf edib. Davam etdirilən tədbirlərlə Yevlax şəhər sakini, əvvəllər məhkum edilmiş Bəylər Əlizadə də saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı satış məqsədi ilə gəzdirdiyi 1 ədəd sellofan bükülüdə heroin götürülüb.
Saxlanılan hər iki şəxs barəsində Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.