REGİONLAR
Yevlaxda pambığın kombaynlarla yığımına başlanılıb FOTO VİDEO
Yevlax, 18 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlax rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımına başlayıblar. Ötən il hər hektardan orta hesabla 26,4 sentner "ağ qızıl" tədarük edən yevlaxlı pambıqçılar bu il hektarın orta məhsuldarlığını 30 sentnerə çatdırmağı qarşıya məqsəd qoyublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə rayonda 1780 hektarı “MKT İstehsalat Kommersiya” MMC və 550 hektarı isə “P-Aqro” MMC ilə bağlanan müqavilə əsasında olmaqla, ümumilikdə, 2330 hektar sahədə pambıq becərilib.
Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb. Respublikamızın hər yerində olduğu kimi, Yevlax rayonunda da suvarma suyu qıtlığının olmasına baxmayaraq, şəhər icra hakimiyyəti və Suvarma Sistemləri İdarəsinin mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində pambıq sahələri suvarma suyu ilə tam təmin olunub. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.
Pambıq yığımı üçün rayonda 9 ədəd pambıqyığan kombayn, 22 ədəd pambığın daşınması üçün traktor, 51 ədəd pambığın daşınması üçün qoşqu, 6 ədəd dərman səpən, 1 ədəd pambıq yükləyici və 2 ədəd pambıq sahələrinin hamarlanması üçün texnikalar hazır vəziyyətə gətirilib. Sentyabrın 18-də ilk olaraq “MKT İstehsal Kommersiya” MMC tərəfindən pambıq yığımına başlanılıb.
“MKT İstehsal Kommersiya” MMC-nin aqronomu Zirəddin Həsənov tarlalarda məhsulun ötən ildəkindən çox olduğunu bildirib: “Bu il 174 nəfər fermerlə 1780 hektar sahədə pambıq becərilməsi üçün müqavilə bağlanıb. Becərmə işləri bütün aqrotexniki qaydalara əsasən aparılıb. Tarlaların vəziyyəti qənaətbəxşdir. Bol məhsulumuz var. Sahələrin hamısını maşınlarla yığacağıq. Hər hektardan 32-35 sentner məhsuldarlıq gözləyirik”.
Kombaynla rayonda mövsümün ilk məhsul yığımına başlayan fermer Həsən Əhmədov da tarlaların vəziyyətindən razılığını ifadə edib: “Yüksək məhsuldarlıq gözləyirəm. Pambığın maşınlarla yığılması daha sərfəlidir. Əl ilə yığım zamanı proses uzandığından məhsul itkisi çox olur. Həm də bizə baha başa gəlir. Odur ki, əkdiyim sahənin məhsulunu maşınla yığıram”.
Qeyd edək ki, 2019-cu ildə Yevlax rayonunda 2406,8 hektar sahədə pambıq becərilib, 6347,8 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 26,4 sentner olub.