REGİONLAR
Yevlaxda pambıq yığımına başlanılıb
Yevlax, 23 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlax rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımına başlayıblar. Ötən il hər hektardan orta hesabla 34,9 sentner "ağ qızıl" tədarük edən yevlaxlı pambıqçılar bu məhsuldarlığı daha da artırmağı qarşıya məqsəd qoyublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2021-ci ildə rayonda 1677,6 hektarı “MKT İstehsalat Kommersiya” MMC və 650 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında olmaqla, 2327,6 hektar sahədə pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.
Havaların əlverişli keçməsi pambıq sahələrindən məhsulun tez və itkisiz yığılmasına şərait yaradır. Bu il rayonda pambığın orta məhsuldarlığının 36,5 sentner olacağı, 8500 tondan artıq məhsul yığılması gözlənilir.
Rayonda pambıq əsasən pambıqyığan kombaynlar və əl əməyindən istifadə edilməklə yığılır. İnsanların məşğulluğunun təmin edilməsi, onların maddi rifah hallarının yaxşılaşdırılması üçün pambıq yığımına minlərlə rayon sakini cəlb edilir. Yığılan məhsul Yevlaxda yerləşən pambıq qəbulu məntəqələrinə təhvil verilir.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən rayon ərazisində pambığın yetişdirilməsi və yığımı daim nəzarətdə saxlanılır. Pambıq sahələrində fermerlərlə görüşən şəhər icra hakimiyyətinin başçısı Anar Tağıyev onların problemlərinin operativ şəkildə aradan qaldırılması və digər köməkliklərin göstərilməsi ilə bağlı müvafiq qurumlara tapşırıqlar verib.
Keçən mövsüm Yevlax rayonunda 247 fermer tərəfindən 2330 hektarda pambıq sahəsi becərilib və 8148,8 ton pambıq istehsal edilib.