CƏMİYYƏT
Yevlaxda polis əməkdaşlarına qarşı zor tətbiq etməkdə şübhəli bilinən şəxslərlə bağlı cinayət işi məhkəməyə göndərilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Mayın 18-də Yevlax şəhəri ərazisində xidməti vəzifələrini icra edən Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarına bir qrup şəxs tərəfindən müqavimət göstərilərək zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma-zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə), 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Yevlax Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Yevlax Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla Yevlax rayon sakinləri Qulu Quliyev, Əli Salmanov, Heydər Quliyev və Veyis Abdullayevin rayon sakinlərinin arasında koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Yevlax Rayon Polis Şöbəsinin şəxsi heyəti və daxili qoşunların hərbi qulluqçuları tərəfindən giriş-çıxışa qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması məqsədilə qəsdən bir qrup şəxs halında polis əməkdaşları tərəfindən qoyulmuş postlara yaxınlaşaraq orada ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə həmin vaxt orada ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etməklə müqavimət göstərib yerdən götürdükləri daş parçalarını silah qismində istifadə etməklə polis əməkdaşları və hərbi qulluqçular istiqamətinə atmaqla polis əməkdaşları Eşqin İbrahimov, Şamil Nəcəfov və Vasif Fəttayevə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.
Qulu Quliyev Cinayət Məcəlləsinin 126.2.2-ci, 126.2.4-cü, 221.3-cü və 315-ci, Əli Salmanov, Heydər Quliyev və Veyis Abdullayev isə Cinayət Məcəlləsinin 221.3-cü və 315-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məhkəmənin müvafiq qərarları ilə onların barələrində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.