CƏMİYYƏT
Yevlaxda radikalizmə və ekstremizmə qarşı mübarizənin hüquqi əsasları mövzusunda seminar-müşavirə keçirilib
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 20-də Yevlax şəhərində “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar-müşavirə keçirilib. Bu barədə AZƏRTAC-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) məlumat verilib.
Müşavirədə Yevlax, Bərdə, Ağdaş, Tərtər, Ucar, Mingəçevir şəhər və rayon prokurorlarının, Daxili İşlər və Ədliyyə Nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbərləri iştirak ediblər.
Müşavirədən əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı “Fitnə” sənədli filmi nümayiş olunub.
Tədbiri açan Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya örnək ola biləcək tolerantlıq mühitinin olduğunu vurğulayıb. Bildirib ki, tolerantlıq milli mənsubiyyətindən, dinindən asılı olmayaraq hər bir azərbaycanlının həyat tərzinə çevrilib.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov dövlət-din münasibətlərinin milli təhlükəsizlik və milli maraqlar baxımından düzgün istiqamətləndirilməsi məqsədilə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsindən, hüquqi aktlara edilmiş zəruri əlavə və dəyişikliklərdən bəhs edib, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi genişmiqyaslı maarifləndirmə, qabaqlayıcı və profilaktik xarakterli tədbirlər barədə ətraflı məlumat verib. Komitə sədrinin müavini, həmçinin Azərbaycan xalqının əsrlərboyu sahib olduğu milli-mənəvi dəyərlərin qorunub saxlanılması, bu sahədəki mövcud potensialın inkişaf etdirilməsi, vicdan azadlığının təmin olunması, ölkədə dövlət-din münasibətlərinin demokratik əsaslar, ümumbəşəri dəyərlər və dünyəvilik zəminində formalaşdırılması istiqamətində görülən tədbirləri xüsusi vurğulayıb.
Baş prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev və Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Oqtay Tağıyev, Yevlax şəhər Cümə məscidinin axundu Namiq Əliyev mövzu ilə bağlı çıxış ediblər.
Natiqlər Azərbaycanda dini radikalizmin yayılması metodlarından bəhs edib, onun qarşısını almaq üçün görülən zəruri tədbirlər barədə məlumat verib, həmçinin bu istiqamətdə mövcud qanunvericiliyin tələblərini tədbir iştirakçılarının nəzərinə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.