REGİONLAR
Yevlaxda şəhid Bəhruz Məmmədova həsr olunmuş kitabın təqdimatı keçirilib
Yevlax, 24 yanvar, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Yevlax rayon Xaldan kənd uşaq musiqi məktəbinin və Aşağı Qarxun kənd uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə Yevlax şəhər Yaradıcılıq evində Vətən müharibəsi şəhidi Məmmədov Bəhruz Tahir oğluna həsr olunmuş “Bir Bəhruz vardı” kitabının təqdimatı olub. Şəhid Bəhruz Məmmədovun döyüş yolundan, həyat və yaradıcılığından bəhs edən kitabda şəhidin müəllifi olduğu şeirlər, eləcə də ona həsr olunmuş şeir və məlumatlar daxil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələrinin, şəhidin yaxınlarının, döyüş yoldaşlarının və mədəniyyət işçilərinin iştirak etdiyi tədbir torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Çıxış edənlər Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən, işğal altında olan torpaqlarımızın Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad edilməsindən, şəhid Bəhruz Məmmədovun həyat və döyüş yolundan, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıblar.
Tədbirin bədii hissəsində şəhidin həyat və yaradıcılığından bəhs edən ədəbi-bədii kompozisiyalar, şeirlər səsləndirilib, videoçarxlar nümayiş etdirilib.
Sonda iştirakçılara “Bir Bəhruz vardı” kitabı hədiyyə olunub.