REGİONLAR
Yevlaxda şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirilib VİDEO
Yevlax, 16 sentyabr, AZƏRTAC
Yevlaxda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımıza həsr olunmuş “Zəfər fədailəri. Yevlax şəhidləri” kitabının təqdimatı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən tədbirin iştirakçıları əvvəlcə Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət edərək, məzarları üzərinə qərənfillər düzüblər.
Heydər Əliyev Sarayında davam etdirilən tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirib ki, zəfərimizi şəhidlərimiz öz qəhrəmanlıqları ilə təmin etdi və xalqımız onların unudulmaz xatirəsini əbədi yaşadacaq. Onların qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u ilə Azərbaycan Ordusu düşmənin belini qırdı, başını əzdi, xalqın intiqamı alındı.
Qeyd olunub ki, bu yaxınlarda başlamasının bir illiyini qeyd edəcəyimiz Vətən müharibəsində Yevlaxın yüzlərlə qəhrəman övladı döyüşə atılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə yevlaxlı gənclər də Vətən uğrunda səfərbər oldular, Qarabağ uğrunda Suqovuşandan Şuşayadək Zəfər yolu keçdilər. Bu müharibədə 65 yevlaxlı şəhadətə yüksəldi, 193 nəfər isə yaralandı. Onların hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir, vətənpərvərlik örnəyidir. Təqdimatına yığışdığımız “Zəfər fədailəri. Yevlax şəhidləri” kitabı da məhz bu amalın, bu niyyətin nəticəsində meydana gəlib.
Sonra Vətən müharibəsini əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirdə Yevlaxın ilk şəhidi Kazımov Emin Fərman oğlunun atası Fərman Kazımov, Milli Məclisin deputatı İlham Məmmədov və Vətən müharibəsi qazisi Orxan Hüseynov çıxış ediblər.
Şəhid ailələrinin üzvlərinə yeni çap edilən “Zəfər fədailəri. Yevlax şəhidləri” kitabı təqdim olunub.