CƏMİYYƏT
Yevlaxda silsilə oğurluqlar edən şəxs yaxalanıb
Bakı, 26 iyul, AZƏRTAC
Yevlax rayon sakinlərinin bir qrupu rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, onlara məxsus fərdi evlərdən və eləcə də xəstəxanadan oğurluq edilməsi barədə məlumat veriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, oğurluq əməllərini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Balabəy Cəfərov Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının sakinlərin verdikləri məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Araşdırmalarla onun üç fərdi evdən və xəstəxanadan televizor, notbuk, samovar, elektrik kabelləri və nağd pul oğurlamaqla vətəndaşlara maddi ziyan vurduğu müəyyən olunub.
Həmin şəxs törətdiyi cinayət əməlini dindirilərkən etiraf edib.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırmalar aparılıb.