CƏMİYYƏT


Yevlaxda təşkil olunan şənlik mərasimində pandemiya dövrünün tələbləri kobud şəkildə pozulub

Bakı, 18 iyul, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 17-də Yevlax şəhərinin Nizami prospektində fiziki şəxs Orucov Alim Əli oğluna məxsus “Turan” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Həmin şadlıq evində müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub. Həmçinin pandemiya dövrünün tələblərinə əsasən, 150 nəfərlik şənlik mərasiminin keçirilməsinə icazə verildiyi halda keçirilən baxış zamanı şənlik mərasiminin 220 nəfərin iştirakı üçün nəzərdə tutulduğu və bir masa arxasında 10-15 nəfərin əyləşdiyi aşkarlanıb. Bununla yanaşı, şadlıq evinin sahibi ilə toy sahibi arasında müvafiq iltizamnamə bağlanılmadığı məlum olub.

Aşkarlanan nöqsanlarla əlaqədar müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda, ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.