REGİONLAR
Yevlaxda təşkil olunan təntənəli bayram konserti atəşfəşanlıqla başa çatıb VİDEO
Yevlax, 9 noyabr, AZƏRTAC
Zəfər Günü münasibətilə Yevlax şəhərində “Zəfərin mübarək Azərbaycan” adlı təntənəli bayram konserti təşkil edilib. Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konsertdə rayon rəsmiləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax şəhərindəki əyləncə parkında təşkil olunan bayram konsertində Zəfər Günü münasibətilə təbriklər səsləndirilib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərin tarixi əhəmiyyətindən danışılıb, öz qanları və canları ilə bizə bu Qələbəni bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa dilənib. Şəhid ailələri və qazilərimizin daim diqqət və qayğı ilə əhatə olunduqları qeyd edilib.
Konsertdə Əməkdar artist Gülüstan Əliyevanın, müxtəlif muğam müsabiqələrinin laureatları Nərgiz Cabbarovanın, Orxan Əkbərovun, Rəvanə Vəliyevanın, Sabir Hüseynovun, Rəşad Hüseynovun, Xan Quliyevin, Orxan Əkbərovun ifasında Zəfər Gününə, Müzəffər Ali Baş Komandana, Ordumuza, Vətənimizə həsr olunan mahnılar təqdim olunub. Konsert atəşfəşanlıqla başa çatıb.