REGİONLAR
Yevlaxda ümumşəhər iməciliyi keçirilib VİDEO
Yevlax, 16 aprel, AZƏRTAC
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən yaz mövsümü ilə əlaqədar şəhər ərazisində təmizlik və abadlıq işlərinin aparılması ilə bağlı ümumşəhər iməciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyəti qurumlarının əməkdaşlarının iştirakı ilə səhər saatlarından başlanan iməcilik bütün şəhəri əhatə edib. İməcilik zamanı kommunal xidmətlər tərəfindən şəhərdə prospekt və küçələrin, səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, bir sıra binaların fasadlarının, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib. Həmçinin şəhərin küçə və prospektlərində piyada keçidləri rənglənib, yol nişanları yenilənib.
İməcilikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. İctimai iaşə, mağaza və digər obyektlərin əməkdaşları öz obyektlərinin fasad və vitrinlərinin yuyulması, onların qarşısında səliqə-sahman yaradılması işlərində fəallıq göstəriblər. Həmçinin Yevlax Şəhər İcra Hakimiyyətinin çağırışına qoşulan müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməcilikdə yaxından iştirak ediblər.
Yevlax Şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağacların qurumuş budaqları budanıb. Mövsümlə əlaqədar ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib, təbii gübrələr verilib. Eyni zamanda, şəhər ərazisində yeni ağaclar, kollar, güllər əkilib. Yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılıb.
İməcilik tədbirləri gün ərzində keçirilib və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Bu kimi təmizlik və abadlıq işləri, yeni yaşıllıqların salınması şəhərimizin daha da gözəlləşdirilməsinə böyük töhfə olacaq.