CƏMİYYƏT


Yevlaxda yataqxanada baş verən yanğına görə cinayət işi başlanılıb

Bakı, 9 avqust, AZƏRTAC

Avqustun 9-u saat 18 radələrində Yevlax şəhəri ərazisində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsinin dam örtüyündə yanğın hadisəsi baş verib. Dərhal yanğının baş verdiyi yerə Fövqəladə Hallar Nazirliyinin Yevlax, Bərdə, Mingəçevir yanğınsöndürmə texnikası və canlı qüvvəsi cəlb edilərək yanğın söndürülüb, binada olan 300-dən çox sakin təxliyə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin yaydıqları birgə məlumatda bildirilir.

Hadisə zamanı binada yaşayan sakinlərdən hazırda xəstəxanaya müraciət edən olmayıb.

Yanğının söndürülməsi ilə bağlı tədbirlərə cəlb edilmiş Yevlax Yanğından Mühafizə Hissəsinin iki əməkdaşı və Yevlax Rayon Polis Şöbəsinin iki əməkdaşı yanıq xəsarətləri ilə xəstəxanaya müraciət edib, onlara tibbi yardım göstərilib, hazırda vəziyyətləri normaldır.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, həmin binanın beşinci mərtəbəsində yaşayan 1977-ci il təvəllüdlü Murad Əliyevin məişət zəminində baş vermiş mübahisə nəticəsində yaşadığı mənzildə qəsdən törətdiyi yanğın daha sonra çoxmənzilli yataqxana binasının dam örtüyünə yayılıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci (zərərçəkmiş şəxsə yandırmaqla külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etmə) maddələri ilə cinayət işi başlanıb.

Murad Əliyev şübhəli şəxs qismində saxlanılıb.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.