REGİONLAR


Yevlaxlı fermerlərin pambıq əkininə marağı artıb

Yevlax, 15 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət qayğısı yevlaxlı fermerlərin bu strateji məhsula olan marağını artırıb.

Yevlax rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildiriblər ki, bu il rayonda 2168 hektar sahədə pambıq əkilib ki, bu da ötən ildəkindən 733 hektar çoxdur. Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax filialı və “Yevlax Kənd Təsərrüfatı” MMC ilə müqavilə əsasında becərirlər. Bu il fermerlərlə müqavilə əsasında “MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax filialı ilə 1718 hektar, “Yevlax Kənd Təsərrüfatı” MMC ilə 450 hektarda çiyid səpini həyata keçirilib.

“MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax filialının direktoru Şaban Həsənov pambıqçılıqla məşğul olan fermerlərin ilbəil artdığını, pambıq tarlalarının genişləndiyini bildirib: “Əgər 2016-cı ildə 85 nəfərlə müqavilə bağlanmışdısa, bu il 215 nəfərlə müqavilə imzalanıb. “MKT-Yevlax” filialı ilə müqavilə bağlayanların və innovasiya təsərrüfatının hesabına cari ildə 1718 hektar sahəyə yüksək kondisiyalı və məhsuldar toxum səpilib. Yaxşı çıxış alınıb, barlı kollar yetişib”.

Hazırda pambığın qəbulu, saxlanması və yanğın təhlükəsizliyini təmin etmək məqsədilə pambıq qəbulu məntəqəsində tikinti-abadlıq və yenidənqurma işləri aparılır. Mövcud 7 ədəd pambıq yığılacaq talvarın dam örtükləri dəyişdirilir, yanğın təhlükəsizliyini və hazır məhsulun texnoloji tələblərə uyğun saxlanılmasını təmin etmək məqsədilə 13 ədəd müasir standartlara cavab verən meydançalar inşa olunur. 50 tonluq elektron tərəzi və qapançı otağı da yenilənir. İşlərin bu ayın 20-dək yekunlaşması nəzərdə tutulur.

Aran qəsəbə sakini Arzu Səfərov pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə böyük həvəslə qoşulduğunu deyib: “MKT İstehsalat Kommersiya” MMC ilə müqavilə əsasında 125 hektarda çiyid səpmişəm. Məhsuldar toxumla, həmçinin gübrə, dərman və texnika ilə təmin edilmişik. Hazırda son becərmə işləri aparır, tarlalara bar suyu veririk. Hesab edirəm ki, hər hektardan orta hesabla 30 sentnerdən artıq məhsul götürəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.