REGİONLAR


Yevlaxlı gənclər təntənəli şəkildə hərbi xidmətə yola salınıblar VİDEO

Yevlax, 13 iyul, AZƏRTAC

Yevlaxlı gənclərin hərbi xidmətə yola salınması münasibətilə tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon Ağsaqqallar Şurasının sədri, çağırışçıların valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərə öz ehtiramlarını bildiriblər. Sonra çağırışçılar Şəhidlər xiyabanında Vətənimizin azadlığı uğrunda canlarından keçən vətən oğullarının məzarlarını ziyarət ediblər.

Dövlət Himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Yevlax Rayon Şöbəsinin rəisi mayor Samir Qurbanov ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan uğurlardan, 44 günlük müharibədə Azərbaycan oğullarının igidliklərindən bəhs edib.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tədbirdə çıxış edərək bildirib ki, çağırışçılarımızın üzlərində sevinc, qəlblərində əzmkarlıq, ruhlarında isə qəhrəmanlıq aydın görünür. “Sizlər böyük inam, sağlam əqidə, ən əsası isə yüksək vətənpərvərliklə Vətənin səsinə səs verərək, həyatınızın ən məsuliyyətli mərhələsinə başlayırsınız. Bu gün bu böyük coşqunun, insan izdihamının içində yadıma tam bir il öncəki hadisələr düşür. Hamımızın xatirindədir. Ötən ilin bu günlərində rəzil düşmən Tovuz istiqamətində təmas xəttində süni gərginlik yaradaraq, açıq savaşa başlamışdı. Bir il əvvəl bu izdiham Yevlaxda da yaşanırdı. Qocalı-cavanlı, kişili-qadınlı hər kəs Vətən uğrunda mübarizəyə və müharibəyə hazır olduğunu nümayiş etdirirdi. Sentyabrın 27-də Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatı başlayarkən də yevlaxlılar döyüşə ilk qoşulanlar sırasında oldu. Yüzlərlə gəncimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə ilk zəfərimiz olan Suqovuşandan son hədəfimiz olan Şuşayadək qəhrəmanlıq yolu keçdilər. Azad edilən hər bir rayonumuzda, kəndimizdə yevlaxlılar da döyüşdülər, qan tökdülər və şəhid oldular. Bu, əlamətdar gündə mən Yevlaxın ən şanlı, ən şərəfli vətəndaşları olan şəhidlərimizi böyük qədirbilənliklə yad edir, onların ruhuna hamımızın adından əbədi ehtiramımızı bildirirəm”.

Anar Tağıyev çağırışçılara müraciət edərək bildirib ki, dünyanın ən güclüləri sırasında olan bir ordunun əsgərləri olacaqsınız: “Sizlərin çoxu bir müddət sonra böyük qəhrəmanlıqla azad edilən Qarabağ bölgəsində hərbi xidmət keçəcəksiniz. Vətənimizin etibarlı keşikçiləri olacaqsınız. Əminəm ki, harada xidmət etməyinizdən asılı olmayaraq, Vətənə olan borcunuzu layiqincə ödəyəcək, böyük şücaətlər göstərəcəksiniz. Yevlaxın adını daha da yüksəldəcəksiniz”.

Təntənəli mərasimdə çağırışçı valideynləri, Vətən müharibəsi qaziləri çıxış edərək gənclərə bu şərəfli missiyanın yerinə yetirilməsində uğurlar arzulayıblar. Çağırışçı gənclər Azərbaycan bayrağını öpüb, müqəddəs Qurani-Kərimin altından keçərək böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yollanıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.