REGİONLAR
Yevlaxlı şagirdlər “Heydər Əliyev və mədəniyyətimiz” adlı intellektual yarışda biliklərini sınayıblar
Yevlax, 27 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Bərdə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayon və şəhərlərdə (Bərdə, Tərtər, Yevlax, Mingəçevir) yerləşən tam orta məktəblərin şagirdləri arasında “Heydər Əliyev və mədəniyyətimiz” adlı bilik yarışması davam edir. Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Qarabağ Regional Təhsil, Mərkəzi Aran Regional Təhsil idarələrinin iştirakı ilə keçirilən müsabiqənin məqsədi Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi, təbliği, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanmasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax şəhərində keçirilən yarışda əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşı Ceyhun İsmayılzadə bildirib ki, dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Azərbaycanın dövlət müstəqilliyi məhz Heydər Əliyevin sayəsində əbədi və dönməz xarakter alıb.
Bilik yarışmasının müsabiqə mərhələsində hər şəhər və ya rayon üzrə 4 komanda müəyyənləşdirilib. İlkin müəyyənləşdirilən komandaların hər birinin öz rayon və ya şəhərlərində yarışmaları nəzərdə tutulub. Rayon və şəhərlər üzrə qalib komandalar yekunda regional idarəyə dəvət olunacaq və final mərhələsi təşkil olunacaq.
Yevlax şəhərində keçirilən yarışmada Qoyunbinəsi kənd orta məktəbinin “Şuşa”, Hürüuşağı kənd orta məktəbinin “İstiqlal”, Gülövşə kənd orta məktəbinin “Zəfər”, Yevlax şəhər 2 nömrəli orta məktəbinin “Kür” komandası iştirak edib. Finalda “Şuşa” komandası qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Yarışda iştirak etmiş komandalar Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərman və təşəkkürnamə ilə təltif olunub.