REGİONLAR
Yol Patrul Xidməti Alayının əməkdaşları pilləkəndən yıxılan uşağı xəstəxanaya çatdıraraq həyatını xilas ediblər VİDEO
Masallı, 26 may, İsmayıl Cəfərli, AZƏRTAC
Yol polisləri övladını xəstəxanaya aparan zaman yolda qalan Masallı sakinlərinin köməyinə çatıblar. Körpə vaxtında tibbi yardım göstərilməsi üçün elə yol-patrul avtomobilində xəstəxanaya çatdırılıb.
AZƏRTAC xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının Masallı rayonundakı stasionar postuna yaxınlaşan Masallı rayon sakini İsmayıl İsmayılov 2 yaşlı övladının təcili olaraq xəstəxanaya çatdırılması üçün kömək istəyib. O, pilləkəndən yıxılan övladına ixtisaslı tibbi yardım göstərilməsi üçün Lənkəran rayonuna gedərkən avtomobildə nasazlıq yarandığını, lakin yubanacaqları halda körpənin səhhətində ağırlaşma ola biləcəyini deyib. Dərhal 11-ci tağımın əməkdaşları tərəfindən həmin körpə və valideyni yol-patrul xidməti avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Diaqnostika Mərkəzinə çatdırılıblar.
İsmayıl İsmayılov azyaşlı övladının vaxtında tibb müəssisəsinə çatdırılmasında göstərilən köməkliyə görə Azərbaycan Polisinə dərin təşəkkürünü və minnətdarlığını bildirib.
“Ailəlikcə qohumlarıma baş çəkməyə getmişdim, uşaq iki dəqiqə diqqətimizdən yayındı. Bir də gördük ki, pilləkənə çıxıb, oradan da yerə yıxıldı. Sonra maşına minib xəstəxanaya yollandıq. Yolda avtomobil xarab oldu, dayandı. Posta yaxınlaşıb polisdən kömək istədik. Uşağı təcili yardıma çatdırmaq lazım idi, qan içində idi. Sağ olsunlar, maşına əyləşdirib bizi tez Lənkərana apardılar”, - deyə körpənin atası İsmayıl İsmayılov bildirib.
Körpənin nənəsi Reyhan İsmayılova da polislərə minnətdarlığını ifadə edərək deyib: “Allah köməkləri olsun, bizi xəstəxanaya çatdırdılar. Nəvəmin həyatını xilas etdilər. Ailəmiz adından minnətdarıq”.