İQTİSADİYYAT
Yol Xəritəsində nəzərdə tutulan islahatların tətbiqi uğurla həyata keçirilir
Bakı, 21 noyabr, AZƏRTAC
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi” ilə əlaqədar hazırlanmış sənədlər toplusu QHT-lərin iştirakı ilə geniş müzakirə edilib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən həmin sənədlər toplusunun öyrənilməsi və təkliflərin verilməsi ilə bağlı Ekspertlər Qrupu yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birlikdə “Azərbaycanda iqtisadi islahatlar: vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən "dəyirmi masa"da şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib.
Fərasət Qurbanov bildirib ki, qrup məhsuldar işləyərək, iqtisadiyyatın müxtəlif sahələri üzrə təkliflər hazırlayaraq İİTKM-ə təqdim edib. O qeyd edib ki, bu təkliflərin xeyli hissəsi “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi”nin hazırlanmasında nəzərə alınıb.
Bu gün bu Yol Xəritəsində nəzərdə tutulan islahatların tətbiqinin uğurla həyata keçirildiyini vurğulayan F.Qurbanov QHT-lərin sözügedən sənəddə əksini tapan məsələlərin həyata keçirilməsində yaxından iştirakının vacib olduğunu qeyd edib.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanda islahatların ən böyük uğuru onun dönməz xarakter almasındadır. "Çünki təkcə dövlət qurumları deyil, cəmiyyətin bütün təbəqələri islahat prosesinin bütün həlqələrinə - hazırlanma, icra, monitorinq və kommunikasiyaya yaxından cəlb olunublar. Hazırda neftin qiyməti hətta büdcə proqnozunda nəzərdə tutulduğundan 50 faizdən də çox baha olmasına baxmayaraq, iqtisadi islahatlar kursu dönməz, davamlı və sistemli xarakter daşıyır. Aşağı neft qiymətlərinə immunitet qazanmış milli iqtisadiyyat islahatların hesabına qeyri-neft sektoru üzrə ixrac həcmini 1/4-ə qədər artırıb, qlobal rəqabətlilik və "Doing Business" reytinqlərində çətin rəqiblər geridə buraxılır",- deyə Vüsal Qasımlı vurğulayıb.