CƏMİYYƏT


Yol hərəkəti qaydalarına əməl etməyən sürücülər barədə müvafiq tədbirlər davam etdirilir

Bakı, 24 avqust, AZƏRTAC 

Dövlət Yol Polisi tərəfindən respublika ərazisində yol hərəkəti qaydalarına əməl etməyən, qanunla müəyyən olunan norma və prinsiplərə diqqətsiz yanaşan hərəkət iştirakçılarının müəyyən olunması diqqət mərkəzindədir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, çoxavazlı səs siqnalı, gursəsli səsboğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıq quraşdırılan, xüsusilə ödənilməyən cərimələri olan nəqliyyat vasitələrinin müəyyən olunması istiqamətində fəaliyyət genişləndirilib, bu sahədə nəzarət daha da gücləndirilib.

Paytaxt yollarında nəqliyyatın intensiv hərəkətinin təmin edilməsi məqsədilə “Yol hərəkəti haqqında” Qanunla qadağan olunan yerlərdə avtomobilləri saxlayanlar bilməlidir ki, onların bu hərəkəti təkcə qanun pozuntusu yox, eyni zamanda, digər sürücü və piyadaların təhlükəsizliyinə mane olmaqla bərabər yollarda sıxlıq yaradır, insanları ləngidir, vaxt itkisi yaradır.

Dayanmanı-durmanı, parklanmanı qadağan edən yol nişanlarının təsir zonasında, eləcə də yolun hərəkət hissəsində–ikinci cərgədə, avtobus dayanacaqlarında, yolların kəsişmə nöqtəsinə yaxın məsafədə, piyada səkilərində, zebralar üzərində saxlanılan avtomobillər evakuasiya edilir, həm də patrul xidməti maşınlarında quraşdırılan “bort” kompüterlər vasitəsilə fotoları çəkilərək və hazırlanan fotomaterial üzrə protokol tərtib edilir.

Aparılan təhlil və araşdırmalar göstərir ki, cari ildə həyata keçirilən kompleks profilaktik tədbirlər nəticəsində, insanların həyatının və sağlamlığının qorunması sahəsində də əvvəlki illərdə mövcud olan müsbət təmayüllər ümumən qorunub saxlanılıb. Lakin görülən tədbirlərə baxmayaraq, sürücülər arasında hələ də avtomaşını sərxoş halda idarə edən, parklanma qaydalarını pozan, avtoxuliqanlığa və intizamsızlığa meyilli, yolu müəyyən olunmayan yerdən keçən piyadalara və cərimə borclarını ödəməyən sürücülərə rast gəlinir. Dövlət Yol Polisi tərəfindən barəsində cərimə protokolu olan sürücülər müəyyən olunduqda, avtomaşının Müvəqqəti Mühafizə Olunan Duracağa qoyulması vətəndaş-polis arasında müəyyən fikir ayrılığı yaradır, vətəndaş özünü haqlı bilir, yolda hüquq tətbiq edən əməkdaşa qarşı tabesizlik nümayiş etdirir. “Məlumatım yoxdur”, “Ünvana bildiriş göndərilməyib”, “SMS çatmayıb” , “Xəbərsizəm”, “Ödəməyə gedirəm”, “Ödəyəcəyəm” və s. bəhanələrlə inzibati məsuliyyətdən yayınmağa çalışırlar. Lakin sürücülər unudurlar ki, patrul avtomobillərində mövcud olan müasir avadanlıq – “İ-Patrul” sistemi ilə barəsində inzibati protokol, məhkəmə qərarı olan sürücülər dərhal müəyyənləşdirilərək onlara xəbərdarlıq edilir.

Dövlət Yol Polisi bütün bunları nəzərə alaraq, sürücülərin diqqətinə çatdırır ki, barəsində inzibati protokol tərtib olunan, cərimə balı olan, məhkəmə qərarı çıxarılan sürücülərlə qeyd-şərtsiz mübarizə tədbirləri davam etdirilir. Hər bir sürücü səhlənkarlığa yol verməməli, yol qaydalarına əməl etməlidir ki, qanunvericiliyin tələbləri etibarlı mühafizə olunsun, inzibati məsuliyyətə səbəb olan hallar yaranmasın, qanunların aliliyi, tələblərin humanistliyi qorunsun.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.